"PwC Azerbaijan" Vergi və Hüquq Praktikasına Maykl Ahernin, Məsləhət Xidmətləri Praktikasına isə Emin Şıxqayıbovun partnyor vəzifəsinə təyin edilməsini elan edir. Bu barədə şirkətdən məlumat verilir.
“PwC Azerbaijan”ın ölkə üzrə idarəedici partnyoru Movlan Paşayev öz vəzifəsində şirkətə rəhbərlik etməkdə davam edəcək, şirkətin qlobal və regional strategiyasını icra edib, seçilmiş müştərilər ilə daha yaxından işləyəcək. Petko Dimitrov Audit Praktikasının rəhbəri vəzifəsini icra etməkdə davam edəcək”, - deyə məlumatda deyilir.
Maykl Ahern Mərkəzi-Şərqi Avropa və Afrikada müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son dövrlərdə o, Qazaxıstan və Avrasiyada Vergi və Hüquq Praktikasına rəhbərlik edib.
Maliyyə idarəetməsi və konsaltinq sahəsində 15 ildən artıq təcrübəsi olan Emin Şıxqayıbov neft və qaz sənayesində bir sıra aparıcı layihələrə rəhbərlik edib.
“Bu təyinatlar ilə “PwC Azerbaijan”da audit, vergi, hüquq və məsləhət xidmətlərinə rəhbərlik edən partnyorların sayı dördə çatmışdır. Bu, şirkətimizin müştərilərinə təklif etdiyi xidmətləri genişləndirdiyini təcəssüm etdirir”, - deyə məlumatda vurğulanır.
“PwC Azerbaijan” 1995-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. **
A.Əzizov