Azərbaycan və İsveçrə viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişi XİN başçısı Elmar Məmmədyarov və İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter imzalayıblar.
Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş də imzalanıb.
“Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza rəsmiləşdirilməsi asanlaşacaq”, - deyə məlumatda qeyd olunur.
F.İsazadə