Ermənistanın İsgəndər” əməliyyat-taktiki raket kompleksləri əldə etməsi hərbi balansı onun xeyrinə dəyişməyəcək. Bu sözləri müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
«Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var. Bu, bölgədəki hərbi balansı düşmənin xeyrinə dəyişməyib. Biz bütün istiqamətlərdə tam üstünlüyə nail olmuşuq», - deyə Z.Həsənov ön xətdə xidmət edən şəxsi heyətlə görüşdə bəyan edib.
O vurğulayıb ki, ermənilərin həmin raketlərdən istifadə barədə səsləndirdiyi hədələr uydurmadan başqa bir şey deyil.
“Düşmən tərəfinin istifadə edə biləcəyi bir neçə qurğuya cavab olaraq isə Silahlı Qüvvələrimiz sərəncamındakı minlərlə raketlərdən, döyüş vasitələrindən cavab verməklə həmin raketləri vura bilməyə və düşmənin istənilən məsafədəki bütün hərbi infrastrukturunu məhv etməyə qadirdir”, - deyə nazir qeyd edib.
“Aprel döyüşləri qarşı tərəf üçün bir dərs olmalı idi. Lakin görünür onlar bu zərbədən nəticə çıxarmayıblar. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcək", - deyə Z.Həsənov vurğulayıb.*
F.İsazadə