Çərşənbə axşamı Mərkəzi Seçki Komissiyası (MSK)Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) yekun nəticələrinitəsdiq edib. Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“Referendum yüksək səviyyədə təşkil olunub və keçirilib”, - deyə MSK sədri Məzahir Pənahov bildirib.
İclasda MSK həmçinin üç məntəqədə səsverənin nəticələrini etibarsız hesab edib.
“Ümumxalq səsverməsi Azərbaycanın seçki qanunvericiliyinin tələblərinə uyğun həyata keçirlib. Seçicilər referndumda fəal iştirak ediblər”, - deyə M.Pənahov vurğulayıb.
Onun sözlərinə görə, mətbuat işçilərinə öz peşəkar vəzifələrini həyata keçirməyə heç kəs mane olmayıb.
“İlk dəfədir ki, səsvermə prosesinin mətbuat tərəfindən işıqlandırılması ilə bağlı ciddi pozuntular qeydə alınmıyıb. Beynəlxalq təşkilatlar tərəfindən də səsvermə prosesinə dair ciddi nöqsanlar aşkar edilməyib”, - deyə M.Pənahov qeyd edib.
İclasda vurğulanıb ki, referendum şəffaf, aydın və demokratiya şəraitində keçirilib. **
R.Babayev