Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn şirkətlərini Azərbaycanda qeyri-neft sektorunda iqtisadi layihələrdə iştirak etməyə dəvət etdi.
XİN-in mətbuat xidmətinin məlumatına görə, Lixtenşteyn Knyazlığının parlamentinin sədri Albert Frik ilə görüş zamanı nazir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və parlamentlərarası əlaqələrinin genişləndirilməsinin yollarını müzakirə edib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verdi.
“Nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun regional sülh və təhlükəsizlik üçün əsas təhdid olduğunu qeyd etdi”, - deyə məlumatda deyilir.
E.Məmmədyarov vurğulayıb ki, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və münaqişənin həllində irəliləyişə nail olunması üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır. **
F.İsazadə