Müdafiə naziri general-polkovnikZakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
“Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətindəki Odundağ zirvəsi və Murov dağı bölgəsindəki bölmələrdə olan nazir üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Müdafiənin ön xəttində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Z.Həsənov hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə tanış olub.
“Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə ətraflı məruzə edilib”, - deyə məlumatda bildirilir.*
A.Əzizov