1 oktyabr 2016-cı il tarixinə Azərbaycanda işləyən 33,11 min əcnəbi vətəndaş Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta ayırmaları həyata keçirir ki, bu da ilin əvvəlinə olan göstəricidən 18,8% çoxdur. Bu barədə DSMF-in məlumatında deyilir.
Cari ilin sentyabr ayında 274 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb.
Dövlət sosial sığorta sistemində fərdi hesabı olan əcnəbilərin 88,3%-ni kişilər, 11,7%-ni isə qadınlar təşkil edir.
Hazırda 120 ölkənin vətəndaşları DSMF-də qeydiyyata alınıb. Bu şəxslər üçün fərdi sosial sığorta hesabları açılıb və onların həyata keçirdiyi məcburi dövlət sosial sığorta ödənişləri bu hesablara yığılır.
Məlumatda vurğulanır ki, DSMF-də qeydiyyatda olan əcnəbilərin böyük hissəsi Türkiyəni (15,387 min nəfər), Gürcüstanı (3,222 min nəfər) və Rusiyanı (1,901 min nəfər) təmsil edir.
Sistemdə həmçinin Özbəkistan (1756 nəfər), Hindistan (1409 nəfər), İran (1 033 nəfər), Çin (910 nəfər), Banqladeş (833 nəfər), Pakistan (695 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı (650 nəfər), Ukrayna (544 nəfər), Türkmənistan (317 nəfər), Filippin (297 nəfər), ABŞ (283), Almaniya (266), Qazaxıstan (250), İtaliya (213) və s. ölkələrin də vətəndaşları fərdi şəxsi hesaba malikdirlər.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların məcburi sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.*
A.Əzizov