“Bank Standard”ın ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fondu (ADIF) 60 gün ərzində kreditorların tələblərini qəbul edəcək. Bu barədə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 oktyabr tarixli qərarı ilə “Bank Standard” müflis elan edilib.
“Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq”, - deyə məlumatda deyilir.
“Bank Standard” QSC-nin lisenziyası “Azər-Türk Bank” və bankın yeni rəhbərliyin müraciəti əsasında Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bank ilə məsləhətləşmələrdən sonra 1 oktyabr tarixində ləğv edilib.
Bankın problemləri əvvəlki rəhbərliyin idarəçilik və investsiya-kredit siyasətində nöqsanları ilə əlaqədar olub.
"Bank Standard"da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə MBNP tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Avqust ayından etibarən bankda yeni menecment fəaliyyətə başlayıb.
“Bank Standard” Azərbaycanda aparıcı bankların beşliyinə daxildir. **
A.Əzizov