İqtisadiyyat Nazirliyi İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free" mağazalarında "Made in Azerbaijan" rəflərinin yaradılmasını təklif edir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün kollegiya iclasında deyib.
“İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free" mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində "Made in Azerbaijan" rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif edilir”, - deyə nazir bildirib.
O deyib ki, "Made in Azerbaijan" rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısı bir ay müddətində müəyyənləşdiriləcək.
Ş.Mustafayevin sözlərinə görə, hazırda ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, "Made in Azerbaijan" brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır.
“2016-cı ildə Çin və Birləşmiş Ərəb Əmirliklərinə, gələn ilin əvvəlində isə Almaniyada keçiriləcək "Yaşıl həftə" sərgisinə təşkil olunacaq ixrac missiyalarına dair hazırlıq işləri aparılır. Bundan başqa, Avropa İttifaqı, Rusiya və ərəb ölkələrinə kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün bazar araşdırmalarına başlanılacaq”, – deyə nazir diqqətə çatdırıb.
A.Axundov