Oktyabrın 31-dən noyabrın 1-dək Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. Bu barədə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət təmsilçisi Eldar Tlyabiçev məlumat verib.
“Forum çərçivəsində Azərbaycan ilə Rusiya ilə arasında regionlararası və sərhəd əməkdaşlığı məsələləri, perspektivli infrastruktur layihələri, regionlararası sahədə iqtisadi və maliyyə əməkdaşlığı, Rusiya-Azərbaycan humanitar məkanının problemləri və perspektivləri, iki ölkənin qarşılıqlı strateji əlaqələri nəzərdən keçiriləcək”, - deyə E.Tlyabiçev Rusiyanın “Promışlennıy yejenedelnik” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, tədbir çərçivəsində müxtəlif dəyirmi masalar və iki ölkənin işgüzar dairələrinin nümayəndələri üçün əlaqə birjası təşkil ediləcək.
“Məhz iki dövlət başçısı, hökuməti və parlamenti arasında etibarlı əlaqələr ticari-iqtisadi sahədə qarşılıqlı səmərəli əməkdaşlığın dərinləşməsi üçün davamlı təməl yaratmağa və iki dövlətin biznes dairələrio arasında əsaslı dialoq qurmağa imkan yaradır”, - deyə E.Tlyabiçev vurğulayıb.
O Rusiya ilə Azərbaycan arasında münasibətləri strateji adlandırıb.
“Bu münasibətlərin əsasını köhnə dostluq və mehriban qonşuluq, hüquq bərabərliyi, bir-birinin maraqlarına hörmət, ümumi tarix və mədəniyyət, milyonlarla insanın birgə taleyi təşkil edir. Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfəri ərəfəsində bu əlaqələri məhz bu cür qiymətləndirib. Və mən, Rusiyanın Azərbaycandakı ticarət təmsilçisi kimi, bu qiyməti yalnız təkrar edə bilərəm”, - deyə o vurğulayıb. **
R.Babayev