18 oktyabr - Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar ABŞ-ın Qərbi Hollivud şəhəri tərəfindən xüsusi bəyannamə qəbul edilib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun mətbuat xidməti məlumat verib.
Bəyannamə şəhər meri Loren Meyster və şəhər şurasının üzvləri tərəfindən imzalanıb.
“Bəyannamədə qeyd olunur ki, Azərbaycan 25 il öncə öz müstəqilliyini bərpa edərək, azadlığını və suverenliyini möhkəmləndirib, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji tərəfdaşına çevrilib. Həmçinin, vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır”, - deyə məlumatda deyilir.
Analoji bəyannamələr Kaliforniyanın San Dieqo Vilayəti və Torrens şəhəri tərəfindən də qəbul edilib. Bu bəyannamələr ilə 18 oktyabr tarixi müvafiq olaraq Torrens və San Dieqo Vilayətində “Azərbaycanın Müstəqillik Günü” elan edilib.
Kaliforniyanın Örvayn şəhər meri tərəfindən 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi münasibətilə ölkəmizin Los Ancelesdəki Baş Konsulluğuna təbrik məktubu göndərilib. **
R.Babayev