Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur. Bu fikir Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.
"Y.Uşakov tərəfindən səsləndirilən bu açıqlama ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddir. Həmçinin bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir", - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. “Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir”, - deyə mətbuat katibi vurğulayıb.
H.Hacıyev əlavə edib ki, Azərbaycan suveren ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək.*
A.Əzizov