Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlıməlumat verən şəxslərinmüdafiəsinin təmin olunmasını nəzərdə tutan dəyişikliklər qəbul edilib.
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif olunan dəyişikliklərin qəbul edilməsi korrupsiya faktı ilə mübarizənin daha da effektivliyinin təmin olunmasına kömək edəcək», - deyə birinci vitse-spiker, Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiyailə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, hər bir vətəndaş mövcud korrupsiya faktı barədə müvafiq dövlət qurumlarına məlumat vermək hüququna malikdir.
«Qanuna təklif olunan dəyişikliklər neqativ hallar barədə dövlət qurumlarını məlumatlandıran vətəndaşların təhlükəsizliyini və barələrindəki məlumatın məxfiliyinin təmin edilməsini də nəzərdə tutur. Belə faktlar barədə məlumat verən şəxslər və onların ailə üzvlərinin təhlükəsizliyi və həyatı üçün təhlükə yarandığını nəzərə alsaq, bu, çox aktual məsələdir», - deyə vitse-spiker vurğulayıb.
İclasda çıxış edən deputatlar qeyd ediblər ki, qəbul edilən dəyişikliklər korrupsiyaya qarşı mübarizədə effektivliyin təmin olunmasına kömək edəcək.
Dəyişikliklərə əsasən, qanuna 11-1-ci (Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə) və 11-2-ci maddələr (Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin müdafiəsi) əlavə edilib.
11-2-ci maddəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə - qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığı ilə bağlı müddəa pozulduqda o, inzibati və ya məhkəmə qaydasında müvafiq instansiyalara müraciət etmək hüququna malikdir.
Məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında təhlükəsizlik tədbirləri tətbiq edilir.
11-1-ci maddədə korrupsiya faktları barədə məlumatın hansı qaydada və hansı qurumlara verilməsi öz əksini tapıb.*
R.Babayev