Azərbaycan prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərif ikitərəfli ticari-iqtisadi əlaqələrin aktivləşməsinin zəruriliyini qeyd edirlər.
“Pakistan Azərbaycanın strateji tərəfdaşlarından biridir. Biz bu gün müştərək müəssisələrin yaradılması, qarşılıqlı sərmayələrin yatırılması, ticarət dövrüiyyəsinin genişləndirilməsi məsələlərini müzakirə etdik”, - deyə İ.Əliyev cümə günü Pakistanın baş naziri ilə görüşün yekunlarına dair mətbuat üşün birgə bəyanatda bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Pakistan əczaçılıq, ASK, turizm, nəqliyyat, müdafi sənayesi sahələrində əməkdaşlığı genişləndirə bilərlər.
İ.Əliyev əlavə edib ki, Azərbaycan və Pakistan Kəşmir və Dağlıq Qarabağ problemlərinin həlli ilə bağlı məsələlərdə birgə mövqedən çıxış edirlər. “Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir. Öz növbəsində, Pakistan Qarabağ münaqişəsinin BMT TŞ-nin qərarlarına əsasən nizamlanmasını dəstəkləyir”, - deyə o qeyd edib.
Prezident vurğulayıb ki, Azərbaycan ərazilərini işğal edən Ermənistanla diplomatik münasibətlər qurmayan Pakistanın mövqeyini yüksək qiymətləndirir.
Öz növbəsində M.N.Şərif potensiala cavab verməyən iki ölkə arasında ticari-iqtisadi əlaqələrin aktivləşməsinin vacibliyini qeyd edib.
Baş nazir əlavə edib ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır və azərbaycanlı qaçqın və məcburi köçkünlər öza torpaqlarına qayıtmalıdırlar. **
A.Əzizov