Cümə günü parlamentin plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 221-ci (Dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddəsi tamamilə dəyişdirilib, bəndlər əlavə edilib.
Qəbul edilən dəyişikliyə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1,5 min manatdan 2 min manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər cərimələnəcəklər.
Dərman vasitələrinin dövlət qeydiyyatına alınmasından və ya qiymətlərinin tənzimlənməsindən əsassız imtina edilməsinə, qeydiyyata almaq və ya qiymətlərinin tənzimlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, habelə qeydiyyata almaqda və ya qiymətlərinin tənzimlənməsində süründürməçiliyə yol verilməsinə görə, vəzifəli şəxslərə 500 manatdan 800 manata qədər cərimə tətbiq olunacaq.
“Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənmədən satışına görə, vəzifəli şəxslərin 1,5 min manatdan 2 min manata qədər, hüquqi şəxslərin 5 min manatdan 7 min manata qədər cərimələnməsi planlaşdırılır.
“Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətə satışına görə, vəzifəli şəxslər 1,5 min manata qədər, hüquqi şəxslər 3 min manatdan 5 min manata qədər cərimələnəcək.
Xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə hüquqi şəxslərə 9 min manata qədər cərimə tətbiq olunacaq. **
R.Babayev