2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $339 mln. 756,61 min təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 6,4 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib
2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $12 mlrd. 742 mln. 682,77 min (azalma 22,64%) təşkil edib.
Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $56 mlrd. 541 mln. 219,69 min, idxalın həcmi $6 mlrd. 201 mln. 463,08 min təşkil edib. 2015-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 33,81%, idxalın həcmi isə 5,89% azalıb.
İxracın strukturunda 71,85% neftin, 4,06% neft məhsullarının, 10,98% təbii qazın, 0,2% elektrik enerjisinin, 3,31% meyvə-tərəvəz məhsullarının, 0,07% çayın, 0,17% bitki və heyvan mənşəli yağların, 0,77% qəndin, 0,2% spirtli və spirtsiz məhsulların, 0,71% kimya məhsullarının, 1,08% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,23% pamblq ipliyin, 1,05% qara metal və ondan hazırlanan məmulatların, 1,1% alüminium və ondan hazırlanan məmulatların, 4,22% digər məhsulların payına düşüb.
İdxalın strukturunda 15,31% ərzaq məhsullarının, 1,94% tütün və tütün məhsullarının, 0,25% sementin, 2,24% əczaçılıq məhsullarının, 3,3% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,25% odun və oduncaqdan hazırlanan məhsulların, 14,1% qara metal və ondan hazırlanan məmulatların, 23,05% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 9,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,34% mebelin, 26,57% digər məhsulların payına düşüb.
Cari ilin yanvar-sentyabr aylarında xarici ticarət əməliyyatlarında 4,777 min özəl və dövlət müəssisəsi və 6,674 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 174 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 18,22%-i), Türkiyə (12,88%), Tayvan (7,92%), Almaniya (7,39%) və Fransa (6,58%), əsas idxal əməliyyatlarını isə Rusiya (17,67%), Türkiyə (13,4%), Çin (7,99%), Böyük Britaniya (6,36%) və ABŞ (5,46%) ilə həyata keçirib.*
A.Əzizov