Yenicə həbsdən azadlığa buraxılan Cavid Hüseynov “Qəbələ” futbol klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidmətinin məlumatında deyilir
C.Hüseynov klubla cari mövsümün sonuna qədər müqavilə imzalayıb.
O, sabahdan etibarən məşqçilər korpusunun proqramına əsasən çalışmalara başlayacaq.
C.Hüseynovun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına da müraciət olunub.
“Qəbələ” klubu hazırda Avropa Liqasında çıxış edir.
Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun apellyasiya şikayətini təmin edib və o, məhkəmə zalından azadlığa buraxılıb.
ANN informasiya agentliyinin reportyoru Rasim Əliyevin qətlində əli olmaqda şübhəli bilinən C.Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
R.Əliyev 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb və aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Araşdırmalar zamanı müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş C.Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış R.Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü il təvəllüdlü Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə E.İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» mağazasının qarşısında onunla görüşüb.
Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05:00 radələrində orada vəfat edib.
Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə iki cinayət işi açılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 13 il, Arif Quliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.*
R.Babayev