Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Bakının mövqeyi dəyişməz olaraq qalır. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu münaqişə ədalətli, beynəlxalq hüquq əsasında həll edilməlidir”, - deyə İ.Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda bildirib.
“Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”, - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt Ermənistan-Azərbaycan müharibəsi başlamazdı.
„Biz heç vaxt buna imkan verməzdik. Ancaq bu gün biz bu problemi həll etməliyik. Bunun həm diplomatik yolları var, həm digər yolları”, - deyə İ.Əliyev bəyan edib.
Prezident əlavə edib ki, ölkə ordu quruculuğu istiqamətində çox böyük addımlar atıb.
“Bu gün beynəlxalq ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz bunu bilirdik, ancaq bu gün bunu bütün dünya bilir. Bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır”, - deyə o vurğulayıb.
“Bu, bizim gücümüzü göstərir. Biz gücümüzü bilirik, gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin”, - deyə dövlət başçısı bildirib.
O həmçinin bəyan edib ki, qonşularla münasibətlər ən yüksək səviyyədədir.
“Qonşularla heç bir problemimiz yoxdur. Belə də olmalıdır. Əgər hər bir ölkə bizim kimi qonşularla münasibətləri qura bilsəydi, dünyada heç bir müharibə baş verməzdi”, - deyə İ.Əliyev qeyd edib.**
F.İsazadə