Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlara verilmiş sifarişlərin 90%-i Azərbaycan vətəndaşlarına aid olub. Bu barədə şirkətin prezidentiRövnəq Abdullayev mətbuat konfransında qeyd edib.
“Bölüşdürülmə zamanı fiziki şəxslərin abunə sifarişlərinə üstünlük verilib. Sevindirici haldır ki, istiqrazlara verilmiş sifarişlərin 90%-dən çoxu onlara aid olub. $100 mln. buraxılış nominalı olan sifarişlərin həcmi $203 mln.-u ötüb”, - deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, istiqrazların daxili bazarda yerləşdirilməsi başa çatob və onların təkrar bazarına start verilir.
R.Abdullayev qeyd edib ki, təkrar bazatrda istiqrazların satışı zamanı xarici investorlar üçün məhdudiyyətlər tətbiq olunmayacaq.
“Kağızlar üzrə likvidlik bir gün təşkil edirş Bu kağızları satıb və hesablanmış faizlə pulunuzu geri ala bilərsiniz”, - deyə şirkətin prezidenti vurğulayıb.
“Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Fariz Əzizovun bildirdiyi kimi, istiqrazların birjada yerləşdirilməsi 14 oktyabr tarixində başa çatıb. Oktyabrın 18-dən təkrar bazarda 5 il ərzində satılacaq. Bu tarixdən etibarən həmin istiqrazlara faiz hesablanacaq.
“Sentyabrın ortalarında SOCAR istiqrazları BFB-nin listinqinə daxil edilib. Bu, birjanın listinqinə daxil edilən ən iri emitentdir”, - deyə F.Əzizov qeyd edib.
Emissiya hər birinin nominalı $1 min olan 100 min ədəd istiqraza bölünüb
İstiqrazların daxili bazarda yerləşdirilməsində əsas məqsəd maliyyə mənbələrinin şaxələndirilməsi, eləcə də əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır
Istiqrazlar üzrə gəlirlilik illik 5% təşkil edəcək.
Bu, SOCAR tərəfindən istiqrazların daxili bazarda ilk yerləşdirilməsi olacaq. Şirkət artıq avrobond buraxılışı üzrə təcrübəyə malikdir, yəni xarici bazarlarda 3 dəfə istiqraz yerləşdirib.**
A.Axundov