Sumqayıtla Ərdəbil qardaşlaşmış şəhərlər olacaqlar. Bu barədə İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş prezident İlham Əliyevlə görüşdə məlumat verib.
Dövlət başçısının saytında verilən məlumata görə, budəfəki səfərləri zamanı da Sumqayıt şəhərinə getdiklərini qeyd edən M.Xudabəxş Sumqayıtla Ərdəbilin qardaşlaşmış şəhərlər olması ilə bağlı qərar qəbul etdiklərini məmnunluqla bildirib.
O, dövlət müstəqilliyinin 25 illiyi münasibətilə prezident İ.Əliyevə təbriklərini çatdırıb.
Prezident İ.Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Son illər prezidentlər səviyyəsində keçirilən çoxsaylı görüşlərin əhəmiyyətini qeyd edən dövlət başçısı hər iki tərəfin əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini deyib. “Məqsədimiz Azərbaycan-İran əlaqələrini bundan sonra da uğurla inkişaf etdirmək və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır”, - deyə o qeyd edib.
Qarşılıqlı təmasların davamlı olmasının önəmini qeyd edən prezident M.Xudabəxşin Azərbaycana böyük nümayəndə heyəti ilə səfərinin regionlararası və ölkələrarası münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını deyib.
Görüşdə ölkələrimizin ayrı-ayrı regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
R.Babayev