İran Hərbi Dəniz Qüvvələrinin hərbi “Dəmavənd” və “Cövşən” gəmiləri fırtınalı hava şəraitinə görə Bakı limanına yan ala bilmirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Azərbaycanın ərazi sularındadırlar. Pis hava şəraiti Bakı limanına yan almalarına çətinliklər törədir”, - deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, “hava şəraiti yaxşılaşan kimi, “Dəmavənd” və “Cövşən” gəmiləri Bakı limanına daxil olacaqlar.
Xəbər verildiyi kimi, oktyabrın 18-21 tarixlərində İran Hərbi Dəniz Qüvvələrinin hərbi “Dəmavənd” və “Cövşən” gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılıb. 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub.
Bundan başqa, gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır. **
F.İsazadə