Cari ilin 9 ayı ərzində xidməti vəzifə borcunu yerinə yetirərkən 3 nəfər polis əməkdaşı həlak olub, 49 nəfər isə xəsarət alıb. Bu barədə daxili işlər nazirinin müavini, polis general-leytenantıİsmət Əliyev məlumat verib.
«9 ay ərzində xidməti vəzifə borcunu yerinə yetirərkən 3 nəfər polis əməkdaşı həlak olub, 49 nəfər isə xəsarət alıb», - deyə o, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi ərəfəsində Yevlax RPŞ-nin inzibati binasında Qərb, Şimal-Qərb, Qarabağ və Aran bölgələrinin polis orqanları rəislərinin şəxsi heyətlə iş üzrə köməkçiləri ilə xidməti fəaliyyətin mənəvi-psixoloji təminatı məsələlərinə həsr olunmuş geniş seminar-müşavirədə bildirib.
O, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsində polis əməkdaşlarının rolunu qeyd edib.
“Bu gün ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin bərqərar olunmasında, habelə cinayətkarlıqla mübarizə sahəsində əldə olunmuş nailiyyətlər gərgin səylər hesabına qazanılıb, bu yolda itkilər də az olmayıb”, - deyə İ.Əliyev qeyd edib.
R.Babayev