2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 164 mln. 369,3 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-avqust aylarında qeyri-neft yükdaşımalarının həcmi 2,2% - 122,2 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 82,5%, dövlət sektorunun payına 17,5% düşüb. Bu dövrdə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 11 mln. 48,9 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2015-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 13,5% azdır.
Cari ilin yanvar-sentyabr aylarında respublikanın dəniz nəqliyyatı ilə 4 mln. 24,3 min ton (azalma 21%), avtomobil nəqliyyatı ilə 104 mln. 880,1 min ton (artım 2,8%), hava nəqliyyatı ilə 112,6 min ton (artım 23,7%) müxtəlif növ yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri ilə 33 mln. 482,1 min ton neft (azalma 3,6%) nəql edilib. 25 mln. 895,1 min ton və ya nəqlin bütün həcminin 77,3%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub. 2016-cı ilin yanvar-sentyabr aylarında BTC neft kəməri ilə 3,5 mln. ton tranzit neft nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
A.Əzizov