Avrasiya İnkişaf Bankı (AİB) Azərbaycanı bankın potensial səhmdarlarından biri hesab edir. Bu barədə bankın İdarə Heyətinin sədri Dmitri Pankin bildirib.
"Bank Avropa, Asiya və Yaxın Şərqin 70 ölkəsini təhlil edib. Nəticədə potensial səhmdarların siyahısına Azərbaycan, Vyetnam, Misir, İsrail, Hindistan, İndoneziya, İran, Monqolustan, Sinqapur, Tayland, Cənubi Koreya və Yaponiya daxil olub”, - deyə o, “İzvestiya” qəzetinə müsahibəsində qeyd edib.
Sədrin sözlərinə görə, bankın səhmdarı olmaq istəyən namizədlərin təhlili zamanı ticari və investisiya əlaqələrinin, eləcə də AİB-ə daxil olan ölkələrlə inteqrasiya proseslərinin intensivliyi, banka üzvlüklə bağlı danışıqların cari statusu və iqtisadi göstəricilər (ÜDM artımı, suveren reytinqlər və s.) kimi amillər nəzərə alınıb. “Bu yanaşma strategiyamızı qəbul edən Şura ilə razılaşdırılıb. Buna görə də bu ölkələrlə danışıqlar sadəcə bank menecmentinin mövqeyi deyil. Bu, həm də təsisçilərin – ölkələrimizin hökumətlərinin mövqeyidir”, - deyə o vurğulayıb.
D.Pankin 2017-ci ilin sonunadək iştirakçı ölkələrin sayının artırılması ilə bağlı müvafiq icazənin verilməsini arzu edib. “Hansısa məsələdə razılığa gəlsək belə, böyük ehtimalla, 2018-ci ildə bütün formal prosedurları bitirə bilərik”, – deyə o əlavə edib.*
A.Əzizov