İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsini pisləyib.
“Daşkənd şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamələr qəbul olunub”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında qeyd olunur.
Qətnamədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal edilməsindən, bu işğalın davam etməsi və Azərbaycan ərazilərinin birtərəfli qaydada fiziki, demoqrafık, iqtisadi, sosial və mədəni xarakterinin, eləcə də institusional strukturu və statusunun Ermənistan Respublikası tərəfindən dəyişdirilməsindən, habelə işğal olunmuş Azərbaycan ərazilərində ictimai və şəxsi mülkiyyətin məhv, talan edilməsi və mənimsənilməsindən, o cümlədən sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, bu sərvətlərdən hazırlanmış məhsulların qanunsuz ticarətindən ciddi və dərin narahatlıq ifadə edilib.
“Qətnamədə işğal olunmuş Azərbaycan ərazilərində mədəni mülkiyyətin itkisi, məhvi, çıxarılması, talan edilməsi, qanunsuz daşınması və mənimsənilməsi vandalizm aktı kimi qeyd olunub”, - deyə məlumatda qeyd olunur.
Təşkilata üzv dövlətlər Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların acınacaqlı halından dərin təəssüf hissi keçirdiklərini bildiribvəBMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icra edilməsinə riayət olunmasına çağırış ediblər.
İƏT-ə üzv dövlətlər bir daha Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə ediblər.
“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilibvə bu irsin Ermənistan tərəfindən dağıdılması kəskin tənqid edilib.
Bu kimi əməlləri ilə Ermənistanın silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunub.
Ermənistandan tələb olunubki, beynəlxalq turizm sərgiləri və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.*
R.Babayev