Azərbaycanın ticari ixrac missiyaları ilkin mərhələdə Aİ, MDB, Fars körfəzi ölkələri, Çin, Yaponiya, Malayziyaya təşkil olunacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən “Qeyri-neft ixracı: bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfransda bildirib.
“Azərbaycanın ixrac ticari missiyaları ilkin mərhələdə Aİ, MDB, Fars körfəzi ölkələri, Çin, Yaponiya, Malayziyaya təşkil olunacaq. Bu missiyalar beynəlxalq sərgi və yarmarkalarda iştirak və “Made in Azerbaijan” brendini təbliğ edəcəklər”, - deyə Ş.Mustafayev bəyan edib.
Onun sözlərinə görə, ilk ixrac missiyaları cari ilin noyabr ayında Çinə (Honkonq və Quancou) təşkil ediləcək.
“2016-cı ilin noyabr ayında Çində şərab sərgisi, 2017-ci ildə Almaniyada “Yaşıl həftə”, Dubayda ərzaq sərgisi, Düsseldorfda şərab sərgisi və Moskva kənd təsərrüfatı sərgisində Azərbaycanın stendləri təşkil olunacaq”, - deyə nazir qeyd edib. **
A.Əzizov