Kənd təsərrüfatı məhsullarının ixrac həcminin artırılması üçün Azərbaycanda yeni fındıq və tut bağları salınacaq. Bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bu gün Bakıda keçirilən “Qeyri-neft ixracı: bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfransda bildirib.
"Nazirlik ölkənin 12 rayonunda yeni fındıq bağlarının salınması üzrə hazırlıq işlərinə yekun vurub. Bunun üçün daxili resurslar hesabına 7,5 mln. ədəd zoğ və ting yığılacaq, Türkiyədən isə 4 mln. ədəd ting idxal olunacaq. Hazırda bu bağların salınacağı ərazilər müəyyən edilir", - deyə S.Talıbov qeyd edib.
Bundan başqa, ipəkçilikdə yem mənbəyinin gücləndirilməsi üçün Çindən 1,6 mln. ədəd tut ağacı tingi sifariş edilib, 30 rayonda tut bağlarının salınması üçün ərazilər müəyyən edilib.
"2016-cı ildə pambıqçılıq sahəsi üçün $78,1 mln. dəyərində 1,89 min ədəd kənd təsərrüfatı texnikası sifariş olunub. Onların böyük hissəsi ölkəyə gətirilərək fermerlərin istifadəsinə verilib", - deyə nazir müavini əlavə edib.*
A.Axundov