BƏƏ şirkətləri Azərbaycana $659 mln. məbləğində birbaşa investisiya qoyuluşları həyata keçiriblər. Bu barədə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Orxan Məmmədov məlumat verib.
"Azərbaycanda 223 BƏƏ şirkəti fəaliyyət göstərir. Bu şirkətlər tərəfindən respublikanın qeyri-neft sektoruna investisiya qoyuluşlarının ümumi həcmi $659 mln. təşkil edib", - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-BƏƏ biznes forumunda bildirib.
Şöbə müdirinin sözlərinə görə, 9 ayın yekunları üzrə iki ölkə arasında mal dövriyyəsi $58 mln. təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov isə qeyd edib ki, noyabrın sonlarında Azərbaycanın BƏƏ-yə ticarət missiyası təşkil olunacaq.
Onun sözlərinə görə, turizm, ASK, ticarət, qida sənayesi iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektiv sahələrdir.*
A.Axundov