Ukrayna öz ərazilərini qorumaq üçün hərbi gücünü artırmağa məcburdur. Bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
"Azərbaycan kimi Ukrayna da öz ərazilərini azad etmək və qorumaq üçün hərbi gücünü artırmağa məcburdur. "Bizim Azərbaycanla ümumi problemimiz var – bu, ərazilərimizin ilhaq edilməsidir", - deyə diplomat bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana səfəri zamanı (2016-cı ilin iyun ayında – İF) Qarabağ münaqişəsində status-kvonun saxlanmasının yolverilməz olduğunu bir daha diqqətə çatdırıb.
A.Mişenko əlavə edib ki, ölkənin şərqində mövcud münaqişəyə baxmayaraq, Ukraynaya turist axını kifayət qədər yüksək səviyyədədir.
O deyib ki, hazırda Ukrayna hökuməti qarşısında duran birinci dərəcəli vəzifə gələn ilin yazında keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün ölkəyə gələcək turistlərin təhlükəsizliyini təmin etməkdir.*
F.İsazadə