Əmlak Məsələləri Dövlət Komitəsi “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsində məsləhət xidmətləri göstərmək üçün “KPMG Azerbaijan Limited” şirkətini seçib. Bu barədə Komitədən məlumat verilib.
“8 nüfuzlu məsləhətçi şirkət iddiaçı qismində iştirak edib və bunlardan 4-ü konsorsium şəklində təklif təqdim edib. Tender Komissiyasının qərarına əsasən, “KPMG Azerbaijan Limited” şirkəti qalib seçilib”, - deyə məlumatda deyilir.
Məsləhətçinin vəzifələrinə müəssisənin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması; müəssisənin SWOT və maliyyə-iqtisadi vəziyyətinin təhlilinin aparılması (“Due Diligence”), qiymətləndirilməsi və investisiya ehtiyaclarının öyrənilməsi; potensial investorlara təqdim olunmaq üçün müəssisə haqqında məlumat memorandumunun hazırlanması daxildir.
Bundan başqa, məsləhətçi müəssisənin özəlləşdirilməsinə yerli və xarici investorların cəlb edilməsi üçün potensial investorların siyahısını, müəssisənin satışı üzrə keçiriləcək investisiya müsabiqəsinin şərtlər toplusunun layihəsini, investisiya müsabiqəsinin qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsinin layihəsini hazırlamalıdır. **
A.Əzizov