İcbari Sığorta Bürosu ölkənin bank bazarında vəziyyətlə əlaqədar investisiya siyasətinə təkrar baxacaq. Bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.
“Yaxın zamanda iclasda bu məsələyə baxılacaq, çünki Büronun investisiya portfelinin 80%-dən çoxu Azərbaycanda yerləşdirilib. Onların bir hissəsi qiymətkli kağızlara, digər hissəsi banklarda depozit şəklində yerləşdirilib. Bundan başqa, xarici banklarda Yaşıl Kart ilə əməliyyatlarla əlaqədar 5 mln. avro məbləğində depozitimiz var”, - deyə E.Quliyev “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bəyan edib.
Onun sözlərinə görə, yerli bankların siyahısı, həm də investisiya alətlərinin payına da təkrar baxıla bilər.
E.Quliyev qeyd edib ki, hazırda Büronun investisiya portfeli 33 mln. 268 min manat təşkil edir, bunun 38%-i ABŞ dollarında, 30%-i avroda, 32%-i manatda yerləşdirilib.
“Cari ilin sonuna investisiya portfelinin 34 mln. manat səviyyəsində olacağını gözləyirik”, - deyə E.Quliyev vurğulayıb. **
A.Axundov