Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit təşkilatlarının problemli aktivləri ilə bağlı məsələlərin nizamlanması üçün qanunvericiliyə dəyişikliklərin edilməsinə dair təkliflər hazırlayıb. Bu barədə bu gün palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
"Hazırda palata bank sisteminin sağlamlaşdırılması və təkrar strukturlaşdırılması çərçivəsində tədbirlər həyata keçirir. Biz qanunvericiliyə dəyişikliklər layihəsi hazırlamışıq. Bu dəyişikliklər bizə kredit təşkilatlarının problemli aktivlərini bankların sağlam aktivlərindən ayırmağa və onlarla bağlı məsələni həll etməyə imkan verəcək", - deyə o qeyd edib.
R.Aslanlının sözlərinə görə, hazırda hökumətdə problemli aktivləri institusional idarəetmənin hansı formada həyata keçirilməsi məsələsi müzakirə edilir.
"Ümid edirəm ki, Maliyyə Sabitliyi Şurası yaxın vaxtlarda bu məsələ ilə bağlı müvafiq qərar qəbul edəcək", - deyə o qeyd edib.
Direktorlar Şurasının sədri vurğulayıb ki, MBNP maliyyə bazarının iştirakçılarının məcburi qaydada birləşməsini səmərəli hesab etmir. "Biz, tənzimləyici olaraq, iki və daha çox bankın və ya sığorta şirkətinin məcburi şəkildə birləşməsinin əleyhinəyik. Fikrimizcə, belə birləşmə səmərəli olmayacaq və nəticədə biz bir neçə xırda problemin əvəzində bir böyük problemlə qarşılaşacağıq", - deyə o əlavə edib.
R.Aslanlı xarici valyutada kreditə malik olan bank müştəriləri tərəfindən öhdəliklərin icrası ilə bağlı müəyyən problemlərin qaldığını təsdiq edib. "Manatın devalvasiyasına qədər xarici valyutada kreditlərin xüsusi çəkisi 47% təşkil edirdi. Devalvasiyadan sonra onların manatla nominal həcmi iki dəfə artdı, buna görə xarici valyutada öhdəliklərin icrası ilə bağlı bəzi problemlər qalır. Biz, öz tərəfimizdən, bu cür problemlərin artmasına yol verməmək üçün bir sıra addımlar atmışıq", - deyə o qeyd edib.*
R.Babayev, A.Əzizov