Azərbaycan hökuməti bağlanmış banklarda eyni zamanda həm milli, həm də xarici valyutada bir neçə əmanətə malik olan əmanətçilərə kompensasiyaların ödənilməsi məsələsini həll etməyi planlaşdırır. Bu barədə bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
"Mövcud qanunvericiliyə əsasən, əgər əmanətçi müxtəlif valyutalarda bir neçə əmanətə malikdirsə, o zaman əmanətlərin həcmi cəmlənir və bank bağlandığı və ya iflasa uğradığı halda kompensasiya manatla ödənilir", - deyə R.Aslanlı bildirib.
Onun sözlərinə görə, hazırda bağlanmış banklarda milli və xarici valyutada əmanətə malik olan, lakin kompensasiyanı manatla alan əmanətçilər müəyyən narazılıq bildirirlər.
"Bu məsələ ölkə hökuməti ilə müzakirə edilib, prezident İlham Əliyevlə bununla bağlı söhbətim olub və biz yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışırıq. Çox güman ki, belə əmanətçilərə kompensasiyanı xarici valyutada konversiya etmək üsulunu tapacağıq. Əmanətçilərin sayı və əmanətllərin məbləği o qədər də çox deyil. Biz indi bu məsələ ilə məşğul oluruq", - deyə Direktorlar Şurasının sədri əlavə edib.*
R.Babayev, A.Əzizov