Müdafiə Nazirliyi Qarabağ münaqişəsi zonasında Azərbaycan Silahlı Qüvvələri tərəfindən təxribatlar barədə Ermənistan tərəfinin məlumatını təkzib edir.
“Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib”, - deyə məlumatda deyilir.
Nazirlik bildirir ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib.
“Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır. Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaq”, - deyə məlumatda qeyd olunur. **
A.Əzizov