Azərbaycan prezidenti İlham Əliyev cümə günü xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantlarınverilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.
“Bu qərar Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə qəbul edilib”, - deyə fərmanda deyilir.
Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyinə həvalə olunur.
Nazirlər Kabinetinə qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsini, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsini təmin etmək tapşırılır. **
R.Babayev