ATƏT-in Minsk qrupunun həmsədrləri Azəerbaycan və Errmənistan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədirlər. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik oktyabrın 22-də Bakıda keçirdiyi mətbuat konfransında məlumat verib.
"Biz prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı təşəbbüsünü alqışlayırıq. Buna görə də biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəyirik", - deyə o bildirib.
Həmsədrin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün çoxsaylı elementlər mövcuddur. "İşğal edilmiş torpaqlar qaytarılmalıdır. Torpaqların qaytarılması danışıqların mühüm elementidir. Hesab edirəm ki, işğal edilmiş ərazilər qaytarılmayanadək hər hansı razılıq əldə etmək qeyri-mümkün olacaq", - deyə C.Uorlik vurğulayıb.
O əlavə edib ki, digər vacib məsələ Dağlıq Qarabağın statusu ilə bağlıdır.
"Uzunmüddətli sülhə nail olmaq üçün bütün bunlar paket şəklində müzakirə olunmalıdır. Mən və həmkarlarım qeyd etmişik ki,mövcud status-kvo davamlı deyil", - deyə amerikalı həmsədr vurğulayıb.*
F.İsazadə