2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2015-ci ilin analoji dövrü ilə müqayisədə 15,3% azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə respublikada 387 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla belə, 2016-cı ilin yanvar-senatyabr aylarında kimya məhsullarının istehsal həcmi 15,3%, rezin və plastmas məmulatların istehsal həcmi 13,3% azalıb. Əczaçılıq məhsullarının istehsalı 13,2% artıb”, - deyə Komitədən bildiriblər.
Məlumatlara əsasən, bu dövrdə yuyucu vasitələrin istehsalı 2,8 dəfə - 205,8 min tona qədər, barium sulfat istehsalı 3,9% - 46 min tona qədər, lak-boya məhsulları istehsalı 33% - 5 min 146 tona qədər artıb.
Cari ilin yanvar-sentyabr aylarında arqon istehsalı 13.2% - 146,8 minə qədər, yod istehsalı 17,2% - 156,4 tona qədər, metanol istehsalı 23,1% - 117,9 min tona qədər, polietilen istehsalı 6,8% - 66,9 min tona qədər, propilen istehsalı 9% - 36,6 min tona qədər, etilen istehsalı 3,8% - 71,1 min tona qədər, izopropil spirti istehsalı 3,9% - 7 min 532 tona qədər azalıb.
Bu dövrdə Azərbaycanda kosmetik vasitələrin istehsalı 94,7% - 1 mln. 40 min manatadək azalıb. **
A.Axundov