ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda davamlı inkişafla bağlı bir sıra proqram və layihələr həyata keçirir. Bu barədə USAID-in Bakıdakı missiyasının direktoru Mikaela Meredis məlumat verib.
"USAID UNDP ilə birgə davamlı inkişafla bağlı bir sıra proqram və layihələr, o cümlədən gənclər üçün layihələr həyata keçirir", - deyə o, bu gün jurnalistlərə bildirib.
M.Meredisin sözlərinə görə, USAID BMT ilə insan alverinə qarşı mübarizəyə dair proqramlar çərçivəsində sıx əməkdaşlıq edir.
"USAID həmçinin fiziki imkanları məhdud insanlar üçün təhsil proqramlarına töhfə verir, Azərbaycan gənclərini korrupsiya barədə məlumatlandırır, FLEX proqramını (azərbaycanlı məktəbli və tələbələrin ABŞ hökumətinin hesabına Amerikada təhsil alması) həyata keçirir", - deyə direktor qeyd edib.
Onun sözlərinə görə, ABŞ hökuməti Azərbaycanda Amerika mərkəzi açıb. Dillər Universiteti nəzdində fəaliyyət göstərən mərkəz ingilis dili kursları təşkil edir.*
F.İsazadə