Bakı və Zaqreb müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 13 sənəd üzərində işi davam etdirir. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
«Azərbaycan prezidenti Xorvatiya ilə əlaqələrin inkişafına böyük önəm verir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı 20 sənəd imzalanıb, 13-ü üzərində isə iş davam etdirilir”, - deyə o, Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviçlə görüşdə qeyd edib.
Spiker bu sənədlər arasında 2013-cü ildə imzalanmış strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsini xüsusi vurğulayıb: “Bu sənəd ölkələrimiz arasında ələqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələri əsasında sülh yolu ilə həllinə əhəmiyyətli yer ayrılıb”.
O.Əsədov əlavə edib ki, ölkələrimizin zəngin və keşməkeşli tarixində oxşarlıqlar çoxdur. Hər iki ölkə zorla qanlı müharibələrə cəlb olunmuşdur. “Bunun acı nəticəsini bu gün də hiss edirik”. – deyə parlamentin sədri vurğulayıb.
Sədr əlaqələrimizin dərinləşməsində parlamentlərin əhəmiyyətli rol oynadıqlarına da diqqət çəkib.*
R.Babayev