Qondarma “erməni soyqırımı”nın tanınması məsələsi Knessetin gündəliyinə daxil edilməyəcək, hətta bu məsələ hökumət səviyyəsində müzakirə olunsa belə. Knessetin deputatı Konstantin (Yoel) Razvozov buna əmindir.
“Hətta hökumət səviyyəsində “erməni soyqırımı”nın tanınması barədə danışırıqsa, bu məsələ parlamentin gündəmində deyil və olmayacaq”, - deyə K.Razvozov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, İsrail palamentində qondarma “erməni soyqırımı”nı Holokosta bənzədənlər var. “Bəzi deputatlar var ki, “erməni soyqırımı”nı yəhudi xalqının faciəsi Holokosta bənzədirlər, çünki bu bizim üçşün ağrılı məsələdir. Buna baxmayaraq, təkrar edirəm, bu məsələ gündəmdə deyil və olmayacaq”, - deyə K.Razvozov bəyan edib.
“Bu məsələ ilə tarixçilər məşğul olsunlar”, - deyə o əlavə edib.
Parlamentari vurğulayıb ki, Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci ilin fevral ayında Azərbaycanın dinc əhalisinə qarşı törədilən Xocalı faciəsinə həsr olunan fotosərgidə olub. “Bu fotolara baxmaq çox ağrılıdır”, - deyə o bildirib.
O həmçinin əlavə edib ki, İsrail qırğına qarşıdır və Qarabağ münaqişəsinin nizamlanmasında neytral mövqedən çıxış edir. “Qarabağa gəlincə, biz əldəttə ki, qırğına qarşıyıq. Biz hər zaman netrallığı saxlayırıq, Ukrayna-Rusiya münaqişəsində olduğu kimi. Bu məsələdə də həmçinin”, - deyə o qeyd edib. **
F.İsazadə