2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol qəzaları nəticəsində yol təsərrüfatına 593,238 min manat məbləğində ziyan dəyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azəryolservis” ASC-dan məlumat verilib.
Məlumata əsasən, 2016-cı ilin 9 ayı ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 494 yol nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 6783 p/m təhlükəsizlik səddi, 12 ədəd işıq dirəyi, 31ədəd metal informatik lövhə və 29 ədəd yol nişanı yararsız hala düşüb.
“Beləliklə, yol təsərrüfatına 593,238 min manat məbləğində ziyan dəyib. Bunun 294,871 min manatı və ya 49,7%-i ödənilib”, - deyə cəmiyyətdən qeyd ediblər.
334 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün, dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub.
51 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub.
105 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün həmin hadisələrin örədicilərinin araşdırılaraq tapılması barədə BDYPİ- nə məktubla müraciət olunub.
2015-ci ildə Azərbaycanda yol qəzaları nəticəsində yol təsərrüfatına 552 min 92,93 manat məbləğində ziyan dəyib. **
A.Əzizov