Qarabağ münaqişəsinin nizamlanması prosesi vahid paketdir və bütün məsələlər məcmu şəkildə müzakirə olunmalıdır. Belə bəyanatla Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik çıxış edib.
"Bütün məsələlər paketdə müzakirə olunmalıdır. Əgər söhbət Dağlıq Qarabağ ətrafındakı ərazilərdən gedirsə, o zaman Qarabağın statusu da müzakirə olunmalıdır. Qaçqın və məcburi köçkünlər, beynəlxalq sülhməramlı qüvvələrin statusu barədə danışılmalıdır. Tərəflər yalnız özlərinə münasib olan elementləri seçərək onları müzakirə edə bilməzlər", - deyə o, bu gün Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
Həmsədrin sözlərinə görə, ABŞ Rusiya və Fransa ilə birgə “danışıqlar yolunda irəliləməyə” hazırdır.
"Danışıqlar masası üzərində bir neçə ideya var və biz onların ətrafında müzakirələr apara bilərik", - deyə C.Uorlik qeyd edib.
O, həmçinin ATƏT-in missiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb. "Əslində ATƏT missiyası artıq genişləndirilməli idi, lakin detalları dəqiqləşdirmək lazımdır. Biz müzakirə aparırıq. Tərəflər bir-birini ittiham etməməlidir. Bu, dəqiqləşdirmə tələb edən məsələlərdir", - deyə amerikalı həmsədr əlavə edib.
O, həmçinin prezidentlərin görüşünün keçiriləcəyi barədə məlumat verib.
"Prezidentlərin görüşünün konkret tarixi bəlli deyil. Ancaq istək olarsa, biz görüşü istənilən gün təşkil etməyə hazırıq. Prezidentlər razılığa gəlməlidirlər. Məsələnin sülh yolu ilə həllinin vaxtı yetişib", - deyə C.Uorlik bildirib.
O, Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.
"Biz bu məsələni də müzakirə etməliyik. Mövqelər üst-üstə düşməsə də, ictimaiyyətə təqdim olunmalıdır. Biz prezident İlham Əliyevin Dağlıq Qarabağın statusu ilə bağlı bəyanatını alqışlayırıq. Danışıqların bir hissəsini təşkil edən bütün elementlər geniş ictimaiyyətə təqdim olunmalıdır. Əlimizdən gələni edəcəyik, amma qərarı ölkə başçıları verməlidirlər”, - deyə vasitəçi diqqətə çatdırıb.*