Xorvatiyanın Krk şəhərində maye təbii qaz terminalının (LNG) tikinti layihəsi Azərbaycan üçün perspektivli ola bilər. Bu barədə Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib.
“Bu, Azərbaycan şirkətləri ilə əməkdaşlıq üçün yaxşı imkandır”, - deyə K.Qrabar-Kitaroviç Azərbaycan-Xorvatiya biznes-forumunda bəyan edib.
O qeyd edib ki, çərşənbə axşamı SOCAR prezidenti Rövnəq Abdullayevlə səmərəli görüş keçirib.
Krk şəhərində LNG terminalın mümkün gücü illik 4-6 mlrd. kubmetr təşkil edəcək.
K.Qrabar-Kitaroviçin sözlərinə görə, gəmiqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi də perspektiv istiqamətdir. “Söhbət iri bərə gəmilərindən deyil, kiçik səyyar gəmillərdən gedir. Onlar həmçinin regional təhlükəsizlik nöqteyi-nəzərindən vacib əhəmiyyət kəsb edə bilərlər”, - deyə prezident vurğulayıb.
Xorvatiya prezidenti həmçinin turizm, İKT, əczaçılıq, ASK, qida sənayesi, ərazilərin minalardan təmizlənməsi və s. sahələrində əməkdaşlıq potensialını qeyd edib. **
A.Axundov