Prezident İlham Əliyev Pakistanın Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çox sayda insan tələfatı ilə əlaqədar pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
«Kvetta şəhərindəki polis kollecində törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri məni olduqca kədərləndirdi. Biz bu terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - deyə prezidentin məktubunda qeyd olunur.
Son məlumatlara görə, silahlıhücum nəticəsində ən azı 59 nəfər həlak olub. “İslam dövləti” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.*
R.Babayev