ATƏT-in Minsk qrupu hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyiş əldə etmək məqsədilə yüksək səviyyədə dialoqun davam etdirilməsini zəruri hesab edir.
“Münaqişənin nizamlanmasında irəliləyiş əldə etmək üçün yüksək səviyyədə dialoq zəruridir”, - deyə Minsk qrupunun həmsədrlərinin oktyabrın 23-25-də regiona səfərlərinin yekununa dair bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, həmsədrlər ATƏT xarici işlər nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək, yaxın zamanda prezidentlər İlham Əliyev və Serj Sarqsyanın görüşünün təşkil olunması məsələsini müzakirə edəcəklər.
Səfər zamanı bu ilin aprel ayında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmadan sonra vəziyyət müzakirə olunub.” Görüşlərdə tərəflər yerlərdə vəziyyətin nisbətən sakit olduğunu təsdiqləyiblər”, - deyə bəyanatda vurğulanır.
Həmsədrlər bildiriblər ki, atəşkəs rejiminə əməl olunma “danışıqların davam etdirilməsi üşün zəruri bazanı təmin edir”. Vasitəçilər Vyana və Sankt-Peterburqda qəbul olunmuş qərarların tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.
Vasitəçilər davamlı sülh naminə danışıqların irəliləməsi üçün işgüzar təklifləri də müzakirə ediblər. Prezidentlər isə nizamlanma prosesinin irəliyə aparılması ilə bağlı öz mövqelərini bildiriblər.
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər zamanı həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də görüş keçirib, itkin düşmüş insanlar barədə məlumat mübadiləsi və həmsədrlərin rəsmi şəxslərlə yüksək səviyyədə keçirdikləri görüşlərdə dəstəklədikləri humanitar tədbirlər sahəsində gördükləri işləri müzakirə ediblər.**
R.Babayev, A.Axundov