Dünya Bankının (DB) Direktorlar Şurası 2016-cı ilin sonunadək Azərbaycana “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin həyata keçirilməsi üçün $500 mln. məbləğində kredit ayıra bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı nümayəndəliyindən məlumat verilib.
"Hazırda kreditlə bağlı müzakirələr davam edir. Bank CQD layihəsindəki payının maliyyələşdirilməsi üçün cari ilin sonunadək Azərbaycana $500 mln. məbləğində kredit ayıra bilər", - deyə bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, layihə üzrə benefisiar “Cənub Qaz Dəhlizi” QSC olacaq.
Nümayəndə əlavə edib ki, kredit vəsaitləri dövlət zəmanəti ilə ayrılacaq.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri $40 mlrd. təşkil edir.
Layihədə Azərbaycanın payı təxminən $13 mlrd. məbləğində olacaq.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.
“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), ARDNŞ (16,7%), “Petronas” (15,5%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
A.Əzizov