Müdafiə naziri, general-polkovnikZakir Həsənov Ermənistanın cəbhə xəttində vəziyyəti daim gərginləşdirməyə cəhd göstərdiyini deyib.
«Yerevan cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərindən əl çəkmir», - deyə o, Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşdə bəyan edib.
Nazir Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlıBMT Təhlükəsizlik Şurasının tələblərinə qarşı tərəfin məhəl qoymamasından təəssüfləndiyini bildirib.
“Ermənistan hakimiyyəti uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud status-kvonu saxlamaqda maraqlıdır”, - deyə o qeyd edib.
“Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi zəruridir”, - deyə H.Salber də öz növbəsində bildirib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.*
R.Babayev