2016-cı ilin 9 ayı ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələri istehsal olunan müdafiə təyinatlı məhsulların həcmini 17,6% artırıblar. Bu barədə nazir Yavər Camalov məlumat verib.
«2016-cı ilin 9 ayında istehsal olunaraq sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6%, çeşidlərinin sayı isə 2 dəfədən çox artıb”, - deyə o, nazirliyin tabeli müəssisələrində 2016-cı ilin 9 ayının yekunlarına həsr edilmiş səyyar kollegiyada bildirib.
Y.Camalovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsul istehsalında 8,2% artım əldə olunub.
“Cari ilin 9 ayında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 81%-ni müdafiə və xüsusi təyinatlı, 19%-ni isə mülki təyinatlı məhsullar təşkil edib”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 115 mövzu üzrə 198 mərhələni əhatə edən təcrübi konstruktor işləri də aparılır.*
R.Babayev