Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ötən il elan olunmuş əsas qrant müsabiqəsi çərçivəsində təqdim edilən kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin ekspertizasının nəticələrini açıqlayıb.
“2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsinə daxil olmuş 133 layihə sırasından ümumi maliyyələşdirilmə həcmi 9,97 mln. manat olmaqla 56 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının müvafiq qərarı ilə təsdiq olunub”, - deyə Fondun məlumatında deyilir.
Kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin maliyyələşdirilməsi Elmin İnkişafı Fondunun büdcə vəsaitindən asılı olaraq 2016-2018-ci illərdə həyata keçiriləcək.
“Fizika-riyaziyyat və texnika elmləri üzrə 16, kimya elmləri üzrə 10, Yer haqqında elmlər üzrə 7, biologiya, tibb və aqrar elmləri üzrə 11 və humanitar və ictimai elmlər üzrə 12 layihə qalib olub. Layihələrin icra müddəti 12 aydan 36 aya qədərdir və bu müddət əhəmiyyətli və tətbiqi xarakterli nəticələrin alınmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
Layihələrin icra müddəti 12-36 aydır. **
R.Babayev