Əfqanıstandakı azərbaycanlı sülhməramlılardan 50 nəfəri Bakıya qayıdıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.*
R.Babayev